MANILA, FİLİPPİN (6 dekabr 2017-ci il) — Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Azərbaycanın dəmir yolu sektorunun gücləndirilməsi və Şimal-Cənub Dəmir Yolu Dəhlizinin əsas xətti olan Sumqayıt-Yalama dəmir yolu xəttinin müasirləşdirilməsinə yardım etmək məqsədilə 400 milyon dollar məbləğində iki krediti təsdiqləmişdir.

AİB “Azərbaycan Dəmir Yolları”nın idarəçilik və maliyyə idarəetməsinin təkmilləşdirilməsinə yönələcək islahatlar vasitəsilə ölkədə dəmir yolu xidmətlərini yaxşılaşdırmaq məqsədilə 250 milyon dollar dəyərində islahat əsaslı krediti təmin edəcək.   Digər 150 milyon dollar məbləğində kredit Azərbaycanı şimalda Rusiya Federasiyası, cənubda isə İran İslam Respublikası ilə birləşdirən Şimal-Cənub Dəmir Yolu Dəhlizinin 166 kilometr (km) uzunluğunda iki tərəfli əsas xəttini bərpa etmək məqsədilə təmin olunacaq.   

“Azərbaycanın dəmir yolu nəqliyyatı sisteminin müasirləşdirilməsi  hökumətin iqtisadiyyatın diversifikasiyası və regional əməkdaşlıq və ticarətin gücləndirilməsi istiqamətində səylərinin əsas komponentlərindən biridir” – AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin Baş Direktoru Sin O’Sullivan belə deyib. “Azərbaycan Dəmir Yolları”nın islahatı  və Şimal-Cənub Dəmir Yolu Dəhlizinin dəstəklənməsi “Azərbaycan Dəmir Yolları”nı dayanıqlı inkişafa yönəltməyə, xidmətlərini təkmilləşdirməyə və mühüm regional nəqliyyat bağlantısının təkmilləşdirilməsi ilə daha çox nəqliyyatın hərəkətinə yardım edəcək”.

Azərbaycanda dəmir yolu xidmətinin inkişaf etdirilməsi və müasirləşdirilməsi ölkənin strateji mövqeyindən istifadə edərək, daha təhlükəsiz, enerji baxımından daha səmərəli, ucuz və magistral yollardan daha az istifadə olunan nəqliyyatın təmin olunmasına imkan yaradacaq. Dəmir yolu sektorunun islahatları ölkədə loqistika və ticarətin inkişaf etdirilməsi üzrə hökumətin yol xəritəsinin əsas komponentidir.   

AİB tərəfindən “Azərbaycan Dəmir Yolları”na dəstək əsas sektorlarda xidmətlərin təkmilləşdirilməsi və rəqabətliliyin artırılması üçün mühüm maliyyəni təmin etməklə hökumətin hərtərəfli siyasətinin tərkib hissəsidir və sektorda daha səmərəli korporativ və maliyyə idarəetməsinin dəstəklənməsi istiqamətində fiskal tədbirdir. Proqram çərçivəsində “Azərbaycan Dəmir Yolları”, həmçinin borc yükünü daha yaxşı idarə etmək, maliyyə hesabatlarını təkmilləşdirmək və kadr siyasətini rasionallaşdırmaq məqsədilə islahatları həyata keçirəcək. 

5 dekabr tarixinə görə Azərbaycan 1998-ci ildə AİB-ə üzv olduqdan sonra 4,1 milyard dollar dəyərində qrant və kredit vəsaitlərini əldə etmişdir. AİB-in Azərbaycanda həyata keçirilən əsas fəaliyyətlərinə nəqliyyat, enerji, şəhər infrastrukturu və özəl sektorların dəstəklənməsi, eləcə də müxtəlif sahələrdə texniki yardım və proqramlar, o cümlədən maliyyə, təhsil, dövlət idarəçiliyi və iqtisadi inkişaf sahələrdinə qabaqcıl beynəlxalq praktikalarla bağlı biliklərin paylaşılması  daxildir. AİB Mərkəzi Asiya Regional İqtisadi İnkişaf Əməkdaşlıq (MARİƏ) Proqramı    çərçivəsində sərhədlərarası əlaqələri dəstəkləmək məqsədilə Azərbaycanla və digər inkişaf tərəfdaşları ilə işləməyə davam edəcək.

Baş Qərargahı Manilada yerləşən AİB fəaliyyətini Asiya və Sakit okeanı regionunda inkluziv iqtisadi inkişaf, ətraf mühit baxımından dayanıqlı inkişaf və regional inteqrasiya vasitəsilə yoxsulluğun azaldılmasına həsr edir. 1966-cı ildə təsis olunan AİB regionda inkişaf tərəfdaşlığının 50 illiyini qeyd edir. Təşkilatın 67 üzvü var və onların 48-i regiondadır. 2016-cı ildə AİB-in yardımı cəmi 31,7milyard dollar həcmində olmuş, bunun 14 milyard dolları birgə maliyyələşdirməni təşkil etmişdir.

Media Contact