MANILA, FİLİPİN (28 aprel 2021-ci il) — Asiya İnkişaf Bankının (AİB) yeni hesabatına əsasən, inkişaf edən Asiya regionunda dünya iqtisadiyyatının dayanıqlı bərpası və koronavirus xəstəliyinə (COVID-19) qarşı peyvəndləşdirmə sahəsində əldə edilmiş ilkin irəliləyişlərlə dəstəklənən iqtisadi artım bu il 7,3%-ə qədər yüksələcəkdir.
AİB-un aparıcı iqtisadi nəşri olan “Asiyanın İnkişaf Baxışı (AİBA) 2021” sənədinə əsasən proqnozlaşdırılan canlanma keçən ildə baş verən 0,2% azalmanın ardınca gəlir. Regionda artımın 2022-ci ildə yavaşlayaraq 5,3% təşkil etməsi proqnozlaşdırılır. Çinin Honkonq bölgəsi, Koreya Respublikası, Sinqapur və Çinin Taypey şəhəri kimi, yeni industrial iqtisadiyyatlar istisna olmaqla, inkişaf edən Asiya regionunun iqtisadi fəallığında bu il 7,7% və 2022-ci ildə 5,6% artımın baş verməsi gözlənilir.
“İnkişaf edən Asiya regionunda artım tempi sürətlənməkdədir, lakin COVID-19 pandemiyasının yeni dalğaları iqtisadiyyatın bərpasına təhlükə yaradır” AİB-un baş iqtisadçısı Yasuyuki Savada söyləyib. “Regionun iqtisadiyyatları fərqli istiqamətlərdə hərəkət etməkdədir. Onların trayektoriyaları ölkə daxilində pandemiyanın ağırlığı, peyvəndləşdirmə tempi və dünya iqtisadiyyatının bərpasından faydalanma dərəcəsi ilə müəyyən olunur”.
Dünyada iqtisadi fəallığın gücləndirilməsi mühitində ixracın artması inkişaf edən Asiya regionunda bəzi ölkələrdə iqtisadi artımı dəstəkləyir və, o cümlədən, istehsal sahəsində artımın bərpasını şərtləndirir. COVID-19 peyvəndlərinin istehsalı və təchizatının bu dəstəkdə payı var, lakin peyvəndləşdirmədə potensial ləngimələr və ya pandemiyanın yeni güclü dalğalarının artıma təhlükə yarada bilməsinə görə, pandemiya ən böyük risk təşkil etməyə davam edir. Digər risklərə geosiyasi gərginliyin artırılması, istehsal sahəsinin əngəlləri, ağırlaşan maliyyə şəraitinə görə maliyyə sahəsində qarışıq vəziyyətin yaranması və uzun müddətli təsirlər, məsələn, məktəblərin bağlanması səbəbindən öyrənmə prosesinə vurulan zərər daxildir.
İnkişaf edən Asiya regionunun əksər iqtisadiyyatlarında cari və 2022-ci ildə sağlam artım müşahidə olunacaq. Mərkəzi Asiya iqtisadiyyatlarının bu il orta hesabla 3,4% və gələn il 4,0% artım nümayiş etdirməsi proqnozlaşdırılır. Cənubi-Şərqi Asiyanın ticarətdən asılı iqtisadiyyatları, həmçinin, bərpa olacaq və bu alt-regionun 2020-ci ildə yaşanmış 4,0% azalmadan sonra bu il 4,4% və 2022-ci ildə 5,1% artım nümayiş etdirməsi proqnozlaşdırılır. Hal-hazırda qlobal ticarət məhdudiyyətləri və turizmin uğradığı tənəzzülün təsiri altında qalan Sakit okean regionunun iqtisadiyyatları bu il 1,4% səviyyəsində məhdud artım nümayiş etdirəcək, lakin növbəti ildə artım tempi 3,8%-ə qədər yüksələcəkdir.
Güclü ixrac və ev təsərrüfatlarının istehlakının tədricən bərpa olunması bu il Çin Xalq Respublikasında (ÇXR) iqtisadi fəaliyyəti kəskin artıracaqdır. Ölkənin ümumi daxili məhsulunun (ÜDM) artımının 2021-ci ildə 8,1% və 2022-ci ildə 5,5% təşkil etməsi gözlənilir. Şərqi Asiyada ÜDM-un artımının 2021-ci ildə 7,4% və 2022-ci ildə 5,1% təşkil etməsi gözlənilir.
Eyni zamanda, güclü peyvəndləşdirmə kampaniyası keçirilməklə, Hindistan iqtisadiyyatının 31 mart 2022-ci il tarixində başa çatan 2021 maliyyə ilində (Mİ) 11,0% artım nümayiş etdirməsi gözlənilir. Lakin COVID-19 hallarında bu yaxınlarda yaşanan kəskin yüksəliş həmin bərpa prosesini təhlükə altına qoya bilər. Hindistanda ÜDM-un artımının 2022 maliyyə ilində 7,0% təşkil etməsi gözlənilir. Cənubi Asiyada ÜDM-un artım tempində 2020-ci ildə baş verən 6% azalmadan sonra onun cari ildə 9,5%-ə qədər kəskin artması və ondan sonra, yavaşlayaraq, növbəti ildə 6,6% təşkil etməsi gözlənilir.
Hindistan və ÇXR-də ərzaq qiymətləri ilə bağlı təzyiqlərin azalmasını nəzərə alaraq, inkişaf edən Asiya regionunda inflyasiyanın keçən ildə 2,8% səviyyəsindən 2,3%-ə qədər düşməsi proqnozlaşdırılır. Regionda inflyasiya tempinin 2022-ci ildə 2,7%-ə qədər yüksəlməsi proqnozlaşdırlır.
Hesabatda, həmçinin, inkişaf edən Asiya regionunda pandemiya nəticəsində məktəblərin bağlanması ilə bağlı çəkilən məsrəflər araşdırılır. Ölkələr tərəfindən məsafədən öyrənmə tətbiq olunur, lakin bir çox şagirdin kompüter və internetə çıxışının olmaması səbəbindən məsafədən öyrənmənin təsiri məhduddur. Bu qüsurlar şagirdlərin əldə etdikləri bacarıqlara və, nəticə etibarilə, gələcək əmək fəaliyyətində səmərəliliyi və qazanclarına mənfi təsir göstərəcəkdir. Təhsil sahəsinə vurulan zərər məktəbləri əsasən açıq saxlayan Sakit Okean regionunda ildə 8,0%-dən məktəbləri ən uzun müddət ərzində bağlı qalan Cənubi Asiyada 55%-ə qədər dəyişir. İnkişaf edən Asiya regionunda şagirdlərin gələcək qazanclarının azalmasının cari dəyəri 1,25 trilyon ABŞ dolları səviyyəsində hesablanıb, bu da 2020-ci ildə regionda ÜDM-un 5,4%-nə bərabərdir.
AİB, Asiya və Sakit Okean Regionunda rifah, inklüzivlik, çeviklik və dayanaqlığın əldə edilməsinə sadiqli yanaşır və, eyni zamanda səylərini həddi yoxsulluğun aradan qaldırılmasına yönəldir. 1966 yaradılmış AİB-ə 49-u regiondan olmaqla, 68 üzvü sahibdir.