QARŞISI ALINMAYAN İQLİM DƏYİŞİKLİKLƏRİ ASİYADA ÇƏTİNLİKLƏ ƏLDƏ OLUNMUŞ İNKİŞAFA MƏNFİ TƏSİR GÖSTƏRƏCƏK - YENİ HESABAT | Asian Development Bank

QARŞISI ALINMAYAN İQLİM DƏYİŞİKLİKLƏRİ ASİYADA ÇƏTİNLİKLƏ ƏLDƏ OLUNMUŞ İNKİŞAFA MƏNFİ TƏSİR GÖSTƏRƏCƏK - YENİ HESABAT

MANİLA, FİLİPPİN (14 iyul 2017-ci il) - Asiya İnkişaf Bankı (AİB) və Potsdam İqlim Araşdırmaları İnstitutu tərəfindən işlənib hazırlanmış hesabata əsasən qarşısı alınmayan iqlim dəyişiklikləri Asiya və Sakit okeanı regionu ölkələri üçün dağıdıcı təsirlərə malik olmaqla onların gələcək inkişafına, cari inkişaf nailiyyətlərinə mənfi təsir göstərəcək və həyat keyfiyyətini aşağı salacaq.

Ümumi biznes fəaliyyəti planına əsasən Asiya qitəsi üzrə əsrin sonunadək 6 dərəcə Selsi temperatur artımı gözlənilir. "Risk altında olan Region: Asiya və Sakit okean regionu ölkələrində İqlim Dəyişikliyinin İnsan Faktorları" başlıqlı hesabata əsasən, region üzrə bəzi ölkələr daha isti iqlim şəraiti ilə üzləşə bilərlər, belə ki, Tacikistan, Əfqanıstan, Pakistan və Çin Xalq Respublikasının (ÇXR) şimal-qərb hissəsində 8 dərəcə temperatur artımı gözlənilir.

Bu temperatur artımları regionun iqlim sistemi, kənd təsərrüfatı və balıqçılıq sektoru, torpaq və dəniz bioloji müxtəlifliyi, yerli və regional təhlükəsizlik, ticarət, şəhərlərin inkişafı, miqrasiya və səhiyyə sahələrində ciddi dəyişikliklərə səbəb olacaq. Bu növ proqnoz region üzrə bəzi ölkələrə real təhlükə törədə, dayanıqlı və inklüziv inkişafın əldə olunması ilə bağlı ümidləri ləğv edə bilər.

AİB-in Biliklərin İdarə olunması və Dayanıqlı İnkişaf üzrə vitse-prezidenti Bambanq Susantononun sözlərinə əsasən "Asiya və Sakit okean regionu ölkələri başda olmaqla, qlobal iqlim böhranı bəşəriyyətin 21-ci əsrdə üzləşdiyi ən böyük problemdir". "Dünyanın yoxsul təbəqəsinin üçdə-iki hissəsini əhatə edən və iqlim dəyişikliklərinə qarşı ən həssas regionlardan biri kimi Asiya və Sakit okean regionu ölkələri - qabaqlayıcı tədbirlər sürətli və ciddi şəkildə həyata keçirilmədiyi təqdirdə daha yoxsul səviyyəyə enmə və xəstəliklərlə üzləşmə riski altındadırlar."

"Yer kürəsinin gələcəyi Asiya ölkələrindən asılıdır. Təhlükəli iqlim dəyişikliklərindən özlərini müdafiə etməyə çalışdıqları halda onlar bütün planetin müdafiəsinə yardım etmiş olacaqlar" -deyə PİK Direktoru, professor Hans İoahim Şellnhuber qeyd etmişdir. "Problem ikitərəflidir. Bir tərəfdən, 2015-ci ildə Parisdə razılaşdırıldığı kimi Asiyanın istixana qazları emissiyası planetin temperatur səviyyəsinin 2 dərəcə Selsi aşağı endirilməsinə imkan verəcək dərəcədə azaldılmalıdır. Hətta 1.5 dərəcə Selsi temperatur artımına adaptasiya olunma önəmli tapşırıqdır. Digər tərəfdən isə Asiya ölkələri sağlam qlobal inkişaf çərçivəsində qaçılmaz iqlim dəyişiklikləri şəraitində inkişaf və təhlükəsizliyi təmin etmək üçün strategiyalar işləyib hazırlamalıdırlar. Nəzərə almaq lazımdır ki, sənaye inqilabı Asiyanı misli görünməmiş iqtisadi imkanlar ilə təmin edəcək. Eləcə də, iqlim dəyişiklikləri sarsıntılarını dəf etmək üçün ən yaxşı həll yollarının araşdırılması Asiyanı 21-ci əsr multilateralizm dövründə ən önəmli iştirakçılardan birinə çevirəcək."

İntensiv qasırğa və tropik siklonların Asiya və Sakit okean regionu ölkələrinə qlobal orta temperaturun artımı ilə təsir edəcəyi gözlənilir. Ümumi inkişaf planına əsasən illik yağıntı miqdarının regionun əksər əraziləri üzrə 50%-dək artacağı, lakin, Pakistan və Əfqanıstan kimi ölkələrdə yağıntı miqdarının 20-50%-dək azalacağı gözlənilir.

Regionun sahilyanı və düzənlik ərazilərində daşqın riski artacaq. Dəniz səviyyəsinin bir metr artımı ilə üzləşən 25 şəhərdən 19-u regionda yerləşir, bu şəhərlərdən 7-si yalnız Filippin ərazisindədir. Buna baxmayaraq, təxminən 5.9 milyon əhalisi ilə İndoneziya 2100-cü ilədək hər il sahilyanı daşqınlardan ən çox əziyyət çəkən ölkə olacaq.

Daşqınlar və digər xəstəliklərə qarşı artan həssaslıq region və bütün dünya ərazisinə iqtisadi cəhətdən ciddi təsir göstərəcək. Qlobal daşqınlar nəticəsində meydana çıxan itkilərin 2005-ci ildə 6 milyard ABŞ dollarından 2050-ci ilədək 52 milyard ABŞ dollarınadək artacağı gözlənilir. Bundan əlavə, 2005-2050-ci illərdə illik daşqınlar nəticəsində ən çox itki ilə üzləşən 20 şəhərdən 13-ü Asiya və Sakit okean regionunda yerləşir: Quançjou, Şenzen, Tianjin, Zhanjiang və Xiamen (ÇXR); Mumbay, Çennai-Madras, Surat və Kəlküttə (Hindistan); Xoşimin şəhəri (Vyetnam); Cakarta (İndoneziya); Banqkok (Tayland); və Naqoya (Yaponiya).

İqlim dəyişikliyi həmçinin regionda ərzaq istehsalının daha mürəkkəbləşməsi və istehsal xərclərinin yüksəlməsinə səbəb olacaq. Heç bir adaptasiya tədbirləri görülmədiyi halda, Cənub-şərqi Asiyanın bəzi ölkələrində düyü sahələri 2100-cü ilə kimi 50%-dək azala bilər. Bu arada, hətta 2 dərəcə Selsi temperatur artımı olsa belə (Paris Sazişi ssenarisi), 2050-ci ilədək Özbəkistanda demək olar bütün məhsulların 20-50%-dək azalacağı gözlənilir. Ərzaq qıtlığı Cənubi Asiyada az qidalanan uşaqların sayının 7 milyon nəfərədək artımına səbəb ola bilər, belə ki, idxal xərclərinin subregionda 2050-ci ilədək 2 milyard ABŞ dolları ilə müqayisədə illik 15 milyard ABŞ dollarınadək artacağı gözlənilir.

Xüsusilə Qərbi Sakit okean regionu ölkələrində dəniz ekosistemləri 2100-cü ilədək ciddi təhlükə altında olacaqlar. Subregionda bütün mərcan rifi sistemləri qlobal temperatur artımının 4 dərəcə Selsi olacağı təqdirdə kütləvi mərcan ağartması səbəbindən məhv ola bilər. Hətta 1.5 dərəcə Selsi temperatur artımı şəraitində belə, mərcan riflərinin 89%-i ciddi ağarma problemləri ilə üzləşə bilər və bununla da, mərcan rifləri ilə əlaqədar balıq vətəgələri və Cənub-şərqi Asiyanın turizm sənayesinə ciddi təsir göstərə bilər.

İqlim dəyişikliyi həmçinin Asiya və Sakit okean regionu ölkələrində səhiyyə sistemini risk altında qoyur. Artıq çirkli atmosfer havasının mənfi təsirindən hər il 3.3 milyon insan ölür, bu cür ölüm halları ilə üzləşən ölkələrin siyahısında ÇXR, Hindistan, Pakistan və Banqladeş ilk dörd sırada yer almışlar. Əlavə olaraq, Dünya Səhiyyə Təşkilatının təqdim etdiyi məlumata əsasən regionda böyüklər arasında qızdırma ilə bağlı ölüm hallarının 2050-ci ilədək 52000-ə çatacağı gözlənilir. Malyariya və denge qızdırması kimi xəstəlik daşıyıcısı tərəfindən yayılan xəstəliklər ilə bağlı ölüm halları arta bilər.

İqlim dəyişikliklərinə ümumi inkişaf yanaşması əsasən şəhər ərazilərinə kütləvi miqrasiya axınına, bununla da şəhər əhalisinin sayının artımına və mövcud sosial xidmətlərə mənfi təsir göstərərək fəaliyyətdə olan ekosistem xidmətlərinin işinə maneə törədə bilər.

Bundan əlavə, region üzrə daha isti iqlim enerji təchizatını təhlükə altında qoya bilər. Qeyri-dayanıqlı qazıntı yanacaqlarına davamlı asılılıq, soyuducu su çatışmazlığı səbəbindən istilik enerjisi stansiyalarının azalmış iş potensialı və digər faktorlara bərabər qeyri-müəyyən su axını səbəbindən su elektrik stansiyalarının fasiləli işləməsi səbəbindən iqlim enerji təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Ölkələr məhdud enerji təchizatı üçün mübarizə apardığından enerji sahəsi üzrə qeyri-təhlükəsizlik münaqişələrə səbəb ola bilər.

İqlim dəyişikliklərinin təsirini azaltmaq məqsədilə hesabat Paris Sazişində qeyd olunmuş öhdəliklərin həyata keçirilməsinin zəruriliyini qeyd edir. Bura Asiya iqtisadiyyatının sürətli şəkildə karbon qazından imtina etməsinə yönəlmiş dövlət və özəl investisiyalar, eləcə də regionun ən həssas əhali qrupunu mühafizə etmək üçün adaptasiya tədbirlərinin həyata keçirilməsi daxildir. Şəhər infrastrukturu və nəqliyyat sahəsi üzrə bərpa olunan enerji və texnoloji innovasiya cəhdlərinə əlavə olaraq, iqlim təsirinin azaldılması və adaptasiya cəhdləri bütün sektorlar üzrə makro-səviyyəli regional inkişaf strategiyası və mikro-səviyyəli layihə planlaşdırmasına tətbiq oluna bilər. Hesabatın nəticələrinə əsasən, region dayanıqlı inkişaf yolu üzrə hərəkət etmək, qlobal emissiyaların qarşısını almaq, adaptasiyanı təşviq etmək üçün imkan və nüfuza malikdir.

AİB 2016-cı ildə iqlim məsələləri üzrə 3.7 milyard ABŞ dolları maliyyə vəsaitini təsdiq etmiş və 2020-ci ilədək investisiyaların 6 milyard ABŞ dollarınadək artırılması öhdəliyini üzərinə götürmüşdür.

Manilada yerləşən AİB daxili iqtisadi artım, ətraf mühitin dayanıqlı inkişafı və regional inteqrasiya vasitəsilə Asiya və Sakit okean regionu üzrə yoxsulluğun azaldılmasına yönəlmişdir. 1966-cı ildə təsis edilərək AİB region üzrə əməkdaşlığın inkişafının 50 illiyini qeyd edir. Bu 48-i regiondan olmaqla 67 üzvə məxsusdur. 2016-cı ildə AİB yardımı 14 milyard ABŞ dolları birgə maliyyələşdirmə daxil olmaqla, ümumilikdə 31.7 milyard ABŞ dollarına çatmışdır.

Mətbuat konfransını canlı izləmək üçün aşağıdakı link üzərinə klikləyin. Müzakirələri sosial mediada #AsiaHeatsUp həştəqi vasitəsilə izləyin.